Marjinalizm

Marjinalizm (fr. Marginalisme) — XIX əsrin 70-ci illərində kapitalizmin iqtisad elmində subyektiv-psixoloji istiqamət meydana gəlmişdir. Marjinalizm fransız sözü olub, mənası "hədd" deməkdir. Marjinalizm iqtisadi hadisə və proseslərin təhlilində son kəmiyyətə, həddə üstünlük verir, faydalılıq həddi, məhsuldarlıq həddi, gəlirlilik həddi, məsrəf həddi və s. bu kimi iqtisadi kateqoriyaları öz tədqiqatının mərkəzində saxlayır. Marjinalizmin ideyalarının ilkin yaradıcıları və tədqiqatçıları Avstriyanın paytaxtı Vyana Universitetinin professorları Karl Menger, Yevgeni Bem-BaverkFridrix Vizer olmuşlar. Məhz həmin səbəbdəndir ki, bu cərəyanın çox mühüm bir hissəsi hazırda Avstriya məktəbi adı ilə məşhurdur. Bununla yanaşı həmin məktəbin İngiltərədə Uilyam Stenli Cevons, İsveçrədə Leon Valras, Fransada Şarl Jid və s. kimi görkəmli tərəfdarları və davamçıları olmuşlar.

Avstriya məktəbi nümayəndələrinin və onların davamçılarının tədqiqatlarının əsas məzmunu odur ki, burada fərdin psixologiyası ictimai münasibətlərin əsasında saxlanılır, məhdud resurslar şəraitində subyektin öz mövcud tələbatlarını ödəmək üçün iqtisadi qərarları, davranışı əsas tədqiqat obyektinə çevrilir. Avstriya məktəbinin yaranması hər şeydən əvvəl o dövrdə geniş yayılmış klassik məktəbin bir sıra iqtisadi baxışlarının, başlıcası isə Karl Marksın dəyər və izafi dəyər nəzəriyyəsinin tənqidi zərurətindən irəli gəlmişdir.

Avstriya məktəbi qarşısında dayanan ən mühüm məqsəd məhsulların faydasının (istehlak dəyərinin) istehlakçı tərəfindən müqayisə edilməsi yolu ilə onun arzu və istəyini, ilk növbədə hansı tələbatlarının ödənməsinə üstünlük verəcəyini aşkar etməkdir.

Avstriya məktəbi belə hesab edir ki, istehlakçının davranışını başa düşmək üçün onun həvəsləndirici motivlərinin necə əmələ gəldiyini və növbələşdiyini tədqiq etmək lazımdır. Bunun üçün isə suyun, çörəyin, paltarın, mənəvi sərvətin dəyərini istehlakçının mövqeyindən qiymətləndirmək tələb olunur. Yalnız bu yolla onun bazarda necə çıxış edəcəyini, bu məhsullardan hansını, hansı ölçüdə, hansı ardıcıllıqla almağa çalışacağını bilmək olar.

Avstriya məktəbinin dəyər haqqında təliminin əsasında faydalılığı iqtisadi inkişafın əsas amilinə çevirən "faydalıq həddi" adlanan nəzəriyyə dayanır. Bu nəzəriyyəyə görə əmtəənin dəyərini onun son ədədinin faydalığı, yəni mövcud əmtəə ehtiyatı şəraitində insanın öz əhəmiyyətinə görə axırıncı yerdə dayanan, mühüm olmayan tələbatını ödəyən son əmtəə vahidinin faydalığına verilən subyektiv qiymət müəyyən edir. "Son faydalıq" kimi səciyyələnən bu nəzəriyyəyə görə faydalıq özü də iki amildən asılıdır. Bu, əvvəla, tələbatın intensivliyidir, yəni tələbat nə qədər çox olarsa, məhsulun faydalığı da bir o qədər yüksəkdir; ikincisi isə məhsulun az tapılması, yəni nadirliyidir. Başqa sözlə desək, məhsula nə qədər az təsadüf edilərsə, onun faydalığı da bir o qədər yuxarıdır. Buna uyğun olaraq tələbatın ödənilməsi hüdudu bilavasitə mövcud nemətlərin kəmiyyətindən asılı olaraq bu və ya digər istiqamətdə dəyişilə bilər. Lakin tələbat özü də sabit kəmiyyət olmadığı üçün, o həmin dəyişikliyə də təsir edir.

"Faydalıq həddi" nəzəriyyəsinin başlıca məzmunu dəyərin yeganə mənbəyinin əməkdən və yaxud məlum üç amildən (əməkdən, torpaqdan və kapitaldan) ibarət olmasını tənqid etməklə bağlıdır. Bu nəzəriyyəyə görə əmtəə dəyəri onu yaradan əməyin kəmiyyətindən deyil, (məlum olduğu kimi, marksizmin əmək-dəyər nəzəriyyəsi məhz belə bir müddəadan çıxış edir), əsasən əmtəənin istehlak dəyəri və onun tələbata nisbətən nadirliyindən asılıdır. Avstriya məktəbi belə hesab edir ki, dəyər hər hansı bir xərclərlə deyil, yalnız son faydalığın səmərəsi ilə ölçülə bilər. Bu faydalıq insanın sərəncamında olan məhsulun kəmiyyəti artdıqca azalmağa doğru meyl edir.

Qeyd etmək lazımdır ki, Avstriya məktəbi tərəfindən aparılan tədqiqatın mərkəzində dayanan bir sıra iqtisadi problemlər həmin məktəbin yaranmasından əvvəllər də müxtəlif iqtisadi fikirlər və məktəblər tərəfindən bu və ya digər səviyyədə öyrənilmiş və təhlil olunmuşdur. Belə ki, məhsulun faydalığı ilə bilavasitə əlaqədar olan istehlak dəyəri, tələbat və tələb məsələlərinə hələ qədim dövrlərdə Ksenofont və Aristotel, orta əsrlərdə Foma Akvinski, İbn-Xəldun və digərlərinin iqtisadi baxışlarında geniş yer verilmişdir.

Əmtəənin istehlak dəyəri (faydalığı) məsələsinin təhlili xüsusilə kapitalizm dövrünə qədəm qoymaqla və klassik məktəb tərəfindən sərvətin mənbəyinin mübadilədə deyil, istehsalda axtarılmasına keçilməklə daha da genişlənmişdir. Bununla belə klassik məktəb istehlak dəyərini mübadilə dəyərinin vacib şərti hesab edirdi və ona görə də bu anlayışı fərdi cəhətdən deyil, ümumi baxımdan öyrənirdi, tələbi (faydalığı) təklifdən, istehsal xərclərindən doğan törəmə iqtisadi forma kimi nəzərdən keçirirdi. Bu məktəbin nümayəndələri belə hesab edirdilər ki, tələb yalnız məhsul istehsal olunduqdan və bazarda təklif edildikdən sonra yaranır. Nəticədə tələb istehlak etmək arzusundan deyil, istehlak etməyin mümkünlüyündən doğur.

Düzdür, məhsulun dəyərinin subyektiv psixoloji baxımdan qiymətləndirilməsi probleminə klassik məktəbin məşhur nümayəndələrindən olan D.Rikardonun tədqiqatında müəyyən qədər rast gəlinir. Lakin o, şeyin faydalığını təkrar istehsalı mümkün olmayan sərvətlərlə - nadir rəsm əsərləri, kitablar, heykəllər, tarixi və mədəniyyət abidələri, qədim sikkələr və s. əlaqələndirir. Rikardonun fikrincə, əksər sərvətlər əməyin nəticəsi olduğu üçün onların dəyəri də istehsallarına çəkilmiş əmək sərfi ilə müəyyən olunur.

Məhsulun dəyərinin müəyyən edilməsində subyektiv-psixoloji amilin rolu məsələsi Fransa fiziokratizmi ideyalarının davamçısı A.Tyurqonun iqtisadi baxışlarında da öz əksini tapmışdır. O, özünün "Sərvətin yaradılması və bölüşdürülməsi haqqında düşüncələr" əsərində məhsulun obyektiv və subyektiv dəyərlərini biri-birindən fərqləndirməyə çalışırdı. Tyurqoya görə subyektiv dəyər məhsulun sahibi tərəfindən ona verilən qiymətdir. Obyektiv dəyər isə bazarda tələb və təklif, habelə bir sıra digər səbəblər nəticəsində yaranır. O yazırdı ki, mübadiləyə daxil olan hər bir məhsulun dəyəri qarşı tərəflərin tələbatı, arzusu və imkanları, habelə məhsulun nadirliyi ilə müəyyən edilir. Başqa sözlə, Tyurqonun fikrincə, əmtəənin dəyərinin əsasını onun faydalığının və istehlak dəyərinin alıcı və satıcı tərəfindən subyektiv şəkildə qiymətləndirilməsi təşkil edir.

Tyurqo ilə yanaşı digər fransız iqtisadçısı Kondilyak Avstriya subyektiv-psixoloji məktəbinin yaranmasından hələ 100 il əvvəl, yəni 1776-cı ildə bu məktəbin əsas təməl prinsiplərindən olan faydalıq haqqında yazırdı ki, o, ayrıca bir məhsula birdəfəlik, həmişəlik bağlanmış bir məfhum deyil. Faydalıq məhsulun yararlılığı onun tələblərə cavab verə bilməsi səviyyəsi ilə əlaqədar olan baxışları əks etdirir. Bizim tələbat artıb-azaldıqca məhsulun dəyərliliyi (faydası) də genişlənir və ya məhdudlaşır.

Şübhəsiz, Avstriya məktəbinin əsas ideyalarının formalaşmasında XIX əsrin əvvəllərində yaşamış istedadlı alman iqtisadçısı German Henrix Qossenin çox mühüm rolu olmuşdur. Onun 1854-cü ildə çapdan çıxmış "İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı" haqqında əsərində məhsulun "son faydalığı" haqqında iki mühüm prinsip əks olunmuşdur ki, onlar da müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalıq sıfra çatır. Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalığının tarazlığı şəraitində mümkün olur. Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki "nüsxəyə" nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən "məhsulun son nüsxəsi" vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan "son nüsxənin" faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalığı ilə müəyyən olunur.

Yeri gəlmişkən qeyd edək ki, Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanların makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşlar. Nəhayət, Avstriya məktəbinin iqtisadi köklərindən danışarkən alman İ.Q.Tyunenin "Təcrid olunmuş dövlət" (1826), fransızlar A.O.Kurnonun "Sərvət nəzəriyyəsində riyazi prinsiplərin tədqiqi" (1838) və J.Dyupyuinin "İctimai işlərin faydalığının ölçülməsinə dair" (1844) əsərlərini və s. vurğulamaq lazımdır.

Göstərilənlər sübut edir ki, Avstriya məktəbi özbaşına, birdən-birəyaranmamışdır. Subyektiv iqtisadi məktəbin təşəkkülündə yuxarıda adları çəkilmiş tədqiqatçıların, habelə bir çox digərlərinin iqtisadi baxışlarının və əsərlərinin mühüm rolu və əhəmiyyəti olmuşdur. Avstriya məktəbinin ən fərqləndirici cəhətlərindən biri məhsulun qiymətinin formalaşması üçün mühüm rol oynayan amillərdən biri olan tələbə olan münasibətdir. Təklif amilinin mühüm rolundan çıxış edən klassik məktəbdən fərqli olaraq Avstriya məktəbi belə hesab edirdi ki, məhz tələb (faydalıq) istehsalın (təklifin) parametrlərini müəyyən edir. Buna görə də o, əsas diqqəti təklifin deyil, ayrı-ayrı iqtisadi subyektlərin irəli sürdüyü tələbin öyrənilməsinə yönəltmişdir. Bu məktəbə görə tələbin subyektiv kəmiyyəti sərvətin faydalığından asılıdır. Həm də faydalıq mütləq yox, nisbi anlayışdır. Bu, hər bir ayrıca subyektin konkret şəraitdə konkret tələbi, bu tələbi ödəmək üçün zəruri məhsulların kəmiyyəti və həmin məhsulların subyekt tərəfindən psixoloji baxımdan qiymətləndirilməsi və əldə edilməsi imkanları ilə bilavasitə əlaqədardır.

Avstriya məktəbinin əsas tədqiqat istiqamətlərindən biri də iqtisadi və qeyri-iqtisadi sərvətlərin bir-birindən fərqləndirilməsidir. Bu zaman onlar belə bir metodoloji prinsipdən çıxış edirlər ki, tələbatların kəmiyyəti qeyri-məhduddur və onlar müxtəlif gərginliyə malikdir, cəmiyyətin malik olduğu sərvətlərin kəmiyyəti isə məhduddur. Buna uyğun olaraq hər hansı bir tələbatın ödənilməsinə xidmət edən, lakin tələbatlarla müqayisədə kəmiyyətcə az olan sərvətlər (məsələn, qızıl) iqtisadi sərvətlərdir. Bunun əksinə olaraq bəzi sərvətlər (məsələn, hava, su və s.) təbiətdə qeyri-məhdud həcmdədirlər. Onlar istənilən qədər istehlak edilə bildikləri üçün qeyri-iqtisadi sərvətlərdirlər.

Avstriya iqtisadçıları göstərirlər ki, suya tələbat böyük olsa da onun "faydalıq həddi" çox aşağıdır, çünki insanların suya olan tələbatı xeyli dərəcədə ödənilir. Lakin qızılın "faydalıq həddi" suyun faydalıq həddinə nisbətən yüksəkdir. Ona görə də qızılın qiyməti suya nisbətən yüksəkdir. Avstriya məktəbi belə hesab edir ki, iqtisadi sərvətlər tələbin tam ödənilməsi üçün kifayət etmədiyindən bu tələb ödənilməmiş qalacaqdır. Belə hallarda isə insanlar az mühüm olan tələbin ödənilməsindən imtina edəcəklər. Beləliklə, tələbin ödənilməsi hüdudu bilavasitə mövcud sərvətlərin kəmiyyətindən asılı olaraq bu və ya digər istiqamətdə dəyişilə bilər.

Avstriya məktəbi nümayəndələrinin öz tədqiqatlarında istifadə etdikləri ilkin metodlarından biri robinzonçuluqdur. Kimsəsiz adada yaşayan adamın təsərrüfatında nə istismar, nə antaqonist ziddiyyətlər, nə iqtisadi böhranlar, nə də işsizlik yoxdur. Avstriya məktəbinin tənqidçiləri bunu əsas götürərək hələ vaxtilə iddia edirdilər ki, bu məktəbin nümayəndələri Robinzonçuluq metodundan təsərrüfatına xas olan xüsusiyyətləri kapitalist iqtisadiyyatına tətbiq etməyə çalışırlar. Bununla belə göstərmək lazımdır ki, Avstriya məktəbinin nümayəndələri Robinzonçuluq metodundan istifadə etməklə hər bir fərd tərəfindən məhsulların subyektiv cəhətdən qiymətləndirilməsi xüsusiyyətini açıb göstərməyə çalışırdılar. Bundan əlavə onlar öz tədqiqatlarını daha da dərinləşdirərək konkret subyektiv baxışlara malik olan insanı sonralar ictimai münasibətlər şəraitində təhlil edirlər, fərdin subyektiv-psixoloji xüsusiyyətlərinin mübadilə, bazar şəraitində, tələbatına üyğun məhsul seçilməsi prosesində necə və nə dərəcədə təzahür etdirdiyini öyrənirlər.